Təsərrüfat işləri üzrə direktor müavininin ( təsərrüfat müdirinin)
vəzifəsi
1. Ümumi müddəalar
1.1. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) ümumi təhsil müəssisəsinin rəhbər heyətinə daxildir və məktəbin inzibati-təsərrüfat fəaliyyətinin təşkili, idarə edilməsi və əlaqələndirilməsinə cavabdeh olan əsas funksional idarəedicilərdən biridir.
1.2. Sinif-komplektlərinin sayı 10–19 və şagirdlərin sayı 400-dək olduqda məktəbdə təsərrüfat müdiri vəzifəsi müəyyən edilir.
1.3. Sinif-komplektlərinin sayı 20 və daha çox olan məktəblərdə, liseylərdə və gimnaziyalarda, şagirdlərin sayı 401 və daha çox olduqda direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsi müəyyən edilir.
1.4. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəb direktorunun əmri ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
1.5. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) birbaşa məktəb direktoruna tabedir və fəaliyyətinə görə ona hesabat verir.
1.6. Məktəbin texniki və xidməti heyəti (kiçik xidməti heyət) funksional baxımdan təsərrüfat işləri üzrə direktor müavininə (təsərrüfat müdirinə) tabedir.
1.7. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) vəzifəsinə ali və ya orta ixtisas təhsilli, inzibati-təsərrüfat sahəsində azı 3 il iş stajına malik şəxs təyin edilir.
1.8. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) müvəqqəti olaraq əmək funksiyalarını yerinə yetirə bilmədikdə, onun vəzifə səlahiyyətləri məktəb direktorunun əmri ilə digər müavin və ya təcrübəli əməkdaş tərəfindən icra olunur.
1.9. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Qanunu, “Uşaq hüquqları haqqında” Qanunu, Əmək Məcəlləsini, sanitar-gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarını, məktəbin Nizamnaməsini, direktorun əmr və göstərişlərini rəhbər tutur.
1.10. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) həftəlik 40 saatlıq iş rejimi ilə işləyir. Zərurət yarandıqda qeyri-normativ iş vaxtı tətbiq oluna bilər.
2. Vəzifənin məqsədi
2.1. Təsərrüfat işləri üzrə direktor müavininin (təsərrüfat müdirinin) əsas məqsədi məktəbin maddi-texniki bazasının qorunması və inkişaf etdirilməsi, təhlükəsiz, sağlam, sanitar-gigiyenik və fasiləsiz tədris mühitinin təmin edilməsi, təsərrüfat resurslarının səmərəli və məqsədyönlü idarə olunmasıdır.
3. Əmək fünksiyası
3.1. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəbin təsərrüfat işlərinə rəhbərlik edir.
3.2. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) təsərrüfat inventarlarının, avadanlıqların və maddi dəyərlərin qorunub saxlanılmasını təmin edir.
3.3. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəb binasının, kabinetlərin, sinif otaqlarının, idman zalının, yeməkxananın və həyətyanı sahənin təmiz və səliqəli saxlanılmasını təmin edir.
3.4. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayır.
3.5. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəb binasında cari təmir işlərinin aparılmasını təşkil edir.
3.6. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) binanın avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını təmin edir.
3.7. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) yanğından mühafizə və istehsalat sanitariyası tələblərinə əməl olunmasını təmin edir.
4. Vəzifə öhdəlikləri
4.1. Maddi-texniki təminat və idarəetmə
4.1.1. Məktəbin maddi-texniki bazasının vəziyyətini təhlil edir və inkişaf istiqamətləri üzrə təkliflər hazırlayır.
4.1.2. Məktəbə daxil olan inventar, mebel, avadanlıq və materialları qəbul edir, uçotunu aparır və qorunmasını təmin edir.
4.1.3. Yararsız vəziyyətə düşmüş inventarların akt əsasında silinməsini və uçotdan çıxarılmasını təşkil edir.
4.1.4. Maddi resurslardan qənaətli və səmərəli istifadəyə nəzarət edir.
4.2. Binaların istismarı və təmiri
4.2.1. Məktəb binalarının və kommunikasiya sistemlərinin texniki vəziyyətinə mütəmadi nəzarət edir.
4.2.2. Məktəbin payız-qış mövsümünə və yeni tədris ilinə hazırlanmasını təmin edir.
4.2.3. Təmir ehtiyaclarını vaxtında müəyyən edir və qabaqlayıcı tədbirlər görür.
4.3. Təhlükəsizlik və sanitar-gigiyena
4.3.1. Yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət edir.
4.3.2. Sanitar-gigiyenik rejimin qorunmasını təmin edir.
4.3.3. Texniki və xidməti heyət üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırma aparır.
4.3.4. Fövqəladə hallar üzrə tədbirlərin həyata keçirilməsində iştirak edir.
4.4. Heyətin idarə edilməsi və sənədləşmə
4.4.1. Texniki və xidməti heyətin fəaliyyətini təşkil edir və koordinasiya edir.
4.4.2. İş vaxtının uçotunu aparır və intizam qaydalarına əməl olunmasına nəzarət edir.
4.4.3. Texniki pasportların, inventar siyahılarının və anbar uçotunun aparılmasını təmin edir.
4.4.4. Görülən işlər barədə məktəb direktoruna mütəmadi hesabat verir.
5. Bilməlidir.
5.1. “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını.
5.2. Əmək qanunvericiliyinin əsaslarını.
5.3. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
5.4. Binaların istismar olunmasının təşkilinin əsaslarını.
6. Hüquqları
6.1. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) vəzifə səlahiyyətləri çərçivəsində tabeçiliyində olan texniki və xidməti heyətə icrası məcburi olan göstəriş və tapşırıqlar vermək hüququna malikdir.
6.2. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəbin binalarında, otaqlarında, yardımçı sahələrində və ərazisində təmizlik, təhlükəsizlik, sanitar-gigiyena və inventarın qorunması vəziyyətini yoxlamaq hüququna malikdir.
6.3. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) aşkar etdiyi nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görmək, zəruri hallarda bu barədə məktəb direktoruna rəsmi məlumat vermək hüququna malikdir.
6.4. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəbin maddi-texniki bazasının gücləndirilməsi, təmir-təchizat ehtiyacları, inventar təminatı və kommunal təsərrüfatla bağlı məsələlər üzrə əsaslandırılmış təklif və təqdimatlar hazırlayaraq məktəb direktoruna təqdim etmək hüququna malikdir.
6.5. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) inventar, avadanlıq və materialların alınması, təmiri və dəyişdirilməsi ilə bağlı texniki rəy və ehtiyac cədvəlləri hazırlamaq, bu proseslərdə komissiya işində iştirak etmək hüququna malikdir. Qeyd edilən hallarda qərarvermə və maliyyə öhdəliyi yaratmaq səlahiyyəti daşımır.
6.6. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəbin pedaqoji şurasında, iclas və müşavirələrində təsərrüfat təminatı, təhlükəsizlik və sanitar-gigiyena məsələləri üzrə iştirak etmək, rəy bildirmək hüququna malikdir.
6.7. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) texniki və xidməti heyətin işə qəbul edilməsi, iş bölgüsü, iş rejimi, mükafatlandırılması və intizam məsuliyyəti ilə bağlı məktəb direktoruna əsaslandırılmış təqdimatlar vermək hüququna malikdir.
6.8. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) işin təhlükəsiz icrası üçün zəruri qoruyucu vasitələrin, alət və materialların təmin olunmasını tələb etmək hüququna malikdir.
6.9. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) xidmətçi heyət üçün əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena tələbləri üzrə təlimatların icrasını tələb etmək hüququna malikdir.
6.10. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) peşə fəaliyyətinə aid bilik və bacarıqlarını artırmaq məqsədilə təlim, seminar və xidmət təlimatlandırmalarında iştirak etmək hüququna malikdir.
7. Məsuliyyəti
7.1. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) bu Vəzifə Təlimatında nəzərdə tutulmuş funksiyaların vaxtında və keyfiyyətlə icra edilməsinə görə məsuliyyət daşıyır.
7.2. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəbin maddi dəyərlərinin, inventarın, avadanlıqların və digər əmlakın qorunub saxlanılmasına görə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır.
7.3. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) sanitar-gigiyena rejiminin pozulmasına, təmizlik və dezinfeksiya işlərinin lazımi səviyyədə təşkil olunmamasına görə məsuliyyət daşıyır.
7.4. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) yanğın təhlükəsizliyi tələblərinə əməl olunmaması və yanğından mühafizə vasitələrinin saz vəziyyətdə saxlanılmaması ilə bağlı nöqsanlara görə məsuliyyət daşıyır.
7.5. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının texniki və xidməti heyət tərəfindən yerinə yetirilməsinin təşkilinə və nəzarətinə görə məsuliyyət daşıyır.
7.6. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəb binasının, kommunikasiya xətlərinin və yardımçı sahələrin istismarı zamanı yaranan texniki nasazlıqların vaxtında müəyyən edilməməsi və zəruri tədbirlərin görülməməsi nəticəsində məktəbə dəyən ziyana görə məsuliyyət daşıyır.
7.7. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) inventar və anbar uçotunun, inventar siyahılarının, aktların və digər təsərrüfat sənədlərinin düzgün aparılmasına görə məsuliyyət daşıyır.
7.8. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) iş vaxtı uçotunun (tabelin) düzgün aparılmasına, texniki və xidməti heyətin əmək intizamına nəzarətə görə məsuliyyət daşıyır.
7.9. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) vəzifə səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin nəticələrinə və bu göstərişlərin icrası zamanı məktəbə vurulan maddi ziyana görə məsuliyyət daşıyır.
7.10. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) məktəb direktoruna təqdim etdiyi məlumatların, hesabatların və rəy sənədlərinin düzgünlüyünə, obyektivliyinə və vaxtında təqdim edilməsinə görə məsuliyyət daşıyır.
7.11. Təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) əmək və icra intizamının pozulmasına yol verdikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə və məktəbin daxili qaydalarına uyğun intizam məsuliyyəti daşıyır.
8. Yekun müddəalar
8.1. Bu Vəzifə Təlimatı məktəb direktorunun əmri ilə təsdiq edildiyi gündən qüvvəyə minir və icrası məcburidir.
8.2. Bu Vəzifə Təlimatının tələblərinə əməl olunmasına ümumi nəzarəti məktəb direktoru həyata keçirir.
8.3. Bu Vəzifə Təlimatına dəyişiklik və əlavələr qanunvericiliyin tələbləri nəzərə alınmaqla məktəb direktorunun əmri ilə edilir.
8.4. Bu Vəzifə Təlimatı təsdiq edildiyi gündən etibarən təsərrüfat işləri üzrə direktor müavininin (təsərrüfat müdirinin) fəaliyyətinə dair əvvəl qəbul edilmiş daxili göstərişlər və müvafiq sənəd nümunələri ilə ziddiyyət təşkil etdiyi hallarda bu Təlimatın müddəaları tətbiq olunur.
8.5. Bu Vəzifə Təlimatı təsərrüfat işləri üzrə direktor müavininin (təsərrüfat müdirinin) vəzifə funksiyalarının həyata keçirilməsi üçün əsas sənəd hesab olunur və zərurət olduqda məktəbin digər daxili sənədləri ilə (nizam-intizam qaydaları, təhlükəsizlik təlimatları, təhvil-təslim aktları və s.) birlikdə tətbiq edilir.
Təsərrüfat müdirinin sənədləri
1.Məktəbin texniki pasportu (Daimi saxlanılır)
2.Əsas vəsaitlərin inventar siyahısı (Daimi saxlanılır)
3.Materialların anbar uçotu kitabı (Daimi saxlanılır)
4.Məktəbin kitabxana fondunun inventar kitabı (Daimi saxlanılır)
5.Müəssisənin ehtiyyacı üçün materialların verilməsi cədvəli (Daimi saxlanılır)
6.İstismarda olan ucuz qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli (Daimi saxlanılır)
Комментариев нет:
Отправить комментарий